
Fransa Reyunyon adasında yürütdüyü siyasətə görə məsuliyyət daşıyır
Yanvarın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə müstəqillik uğrunda mübarizə aparan Reyunyon xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak ediblər.
Konfransda Reyunyon xalqının öz müqəddəratını təyin etmək hüququnun tanınmasının aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər və bu xüsusda beynəlxalq hüquqi mexanizmlər müzakirə olunub.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, Reyunyon əməkdaşlığa başladığımız 11-ci regiondur. Bura Fransa və Niderland müstəmləkəçiliyindən əziyyət çəkir. Orada insanlığa qarşı amansız cinayətlər törədilib. Bakı Təşəbbüs Qrupu təkcə Fransa deyil, Niderlandın müstəmləkələri ilə də iş aparır: "BTQ-nin ancaq Fransa müstəmləkələri ilə iş apardığı iddia edilir. Halbuki biz müstəmləkəçiliklə mübarizə aparırıq. Niderlandın müstəmləkəsi altında olan Boneyra adası ilə də fəaliyyətimiz mövcuddur".
"Ka Ubuntu" müstəqillik hərəkatının sədri Romen Katambara deyib ki, bəzi Afrika ölkələrinin azad olması fikri yanlışdır: "Çünki müstəqil ölkənin ərazisində başqa ölkələrin hərbi bazası olmur və yerli xalqın mədəniyyətinə müəyyən təsirlərə yol verilmir: "Biz birlikdə olmalıyıq ki, imperializmə qarşı mübarizə aparaq. Beynəlxalq ictimaiyyətə səsimizi çatdırmaq üçün buradayıq. Fransaya qarşı apardığımız bu mübarizə həmrəylik üçün çox vacibdir".
Fransa mədəniyyətimizi assimilyasiyaya uğratmaq istəyir ki, milli kimliyimizi unudaq. Fransanın imperialist siyasəti Reyunyon iqtisadiyyatına mənfi təsir göstərir. Bizim üçün müstəqillik daha yaxşı bir gələcək deməkdir. Reyunyon adasında hökm sürən iqtisadi böhranla paralel olaraq yerli əhalinin müxtəlif icmaları arasında gərginlik davam edir. Fransa hökuməti Reyunyonda mütəşəkkil cinayətkarlığın artması, ətraf mühitə ziyanın vurulması, sosial vəziyyətin pisləşməsində mayottalıların təqsirkar olması ilə bağlı təbliğat aparır, bununla da ada əhalisi daxilində həmrəyliyi pozmaq, azadlıq meyillərinin qarşısını almaq məqsədi güdür.
Qərb imperializminin dominantlığından azad olmaq müstəmləkə altında olan dövlətlər üçün vacib amildir. Hərəkatımız Afrikadakı müstəmləkələrin müstəqilliyi uğrunda mübarizə aparır. Bizim üçün ən vacib məqam formal "müstəqillikdən" azad olmaq və real müstəqilliyi əldə etmək, o cümlədən imperializmə qarşı effektiv mübarizə aparmaqdır.
Milli Məclisin deputatı, İnsan Hüquqları Komitəsinin sədri Zahid Orucun sözlərinə görə, Bakı Təşəbbüs Qrupunun apardığı siyasət Fransanı narahat edirsə, bu, xüsusilə vurğulanmalıdır. Bu baxımdan qeyd edə bilərik ki, keçmiş Qarabağ münaqişəsi də kolonial problem idi. Kolonializmə qarşı mübarizə dünyada birlik, bərabərlik yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm də kolonializmə qarşı savaşdı. Reyunyon qlobal güclərin əlində nüvə silahı üçün plasdarmdır.
"Ka Ubuntu" təşkilatının Reyunyon bölməsinin koordinatoru Benjamin Kleman bildirib ki, 1960-cı illərdə Reyunyon adası Fransanın idarəçiliyi altında ciddi sosial və iqtisadi problemlərlə üzləşirdi. Yerli əhalinin sayının artması adada sosial problemlərin kəskinləşməsinə gətirib çıxarırdı. Fransa Reyunyonda uşaqların öz kimliyini unutması üçün məqsədyönlü addımlar atırdı. Belə ki, Afrika mənşəli adları olan uşaqlara Fransa metropoliyasına xas adlar verilərək, təzə şəxsiyyət vəsiqələri paylanılırdı. 1982-ci ilə qədər davam edən bu proses nəticəsində öz ailə bağlarını itirmiş uşaqlar çox ciddi psixoloji problemlər yaşayıblar.
Milli Məclisin deputatı Tural Gəncəliyev vurğulayıb ki, "insan hüquqları və demokratiya" ilə məşğul olan Fransa bu gün müstəmləkə məsələlərinə təkəbbürlə yanaşır. Rəsmi Parisin bu siyasəti dəyişməlidir. Bu səbəbdən, belə konfransların keçirilməsini mühüm addım adlandırıb.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva müstəmləkə ərazilərindəki xalqların sosial bərabərsizlik, əməyin istismarı kimi ciddi problemlə qarşılaşdığına diqqət çəkib. O, bildirib ki, 1946-cı ildən sonra müstəmləkə xalqları daha geniş miqyasda istismara məruz qalıblar. XX əsrdə müstəmləkə ərazilərindən "dənizaşırı ərazi" statusuna keçdikdən sonra həmin xalqların həyat şəraitində və sosial vəziyyətində dəyişiklik baş vermədi. Bu gün Afrikanın Əlcəzair, Konqo və Madaqaskar kimi dövlətlərində müstəmləkə siyasi gərginlik, iqtisadi asılılıq və sosial bərabərsizlik kimi mənfi izlərini qoruyur. Fransa hakimiyyəti müstəmləkə ərazilərinin kənd təsərrüfatı və sənaye potensialını məhdudlaşdırır, onları idxaldan asılı vəziyyətə salır. Yerli iqtisadiyyatların Fransanın maraqlarına xidmət etməsi bu ölkələrin xalqlarının yoxsulluq şəraitində yaşamasına səbəb olur. Əhalinin əksər hissəsi hazırda ciddi sosial problemlərlə mübarizə aparır. Lakin bütün bunlara baxmayaraq, Reyunyon xalqı mübarizəsini davam etdirir.
Azərbaycanın Fransanın daxili işinə qarışdığını iddia edənlərə sual vermək lazımdır - müstəmləkəçilik bu ölkənin nə vaxtdan daxili işidir? Bu, ümumbəşəri problemdir, - deyə Milli Məclisin deputatı Azər Allahverənov qeyd edib. O bildirib ki, müstəmləkəçiliklə mübarizə qlobal səviyyədə aparılmalıdır. Müstəmləkəçiliklə beynəlxalq hüquq çərçivəsində mübarizə aparan Azərbaycana Bizim qırmızı xəttimizi tapdaladı" deyə mənfi münasibət göstərilir. Halbuki sizin "qırmızı xətt" dediyiniz şey utanc xəttidir. Bununla mübarizə isə sistemli olacaq.
Beynəlxalq konfrans çərçivəsində "Reyunyonda Fransız müstəmləkəçiliyinin tarixi və müasir vəziyyət" adlı panel sessiya keçirilib. Paneldə müstəqillik uğrunda mübarizə aparan Reyunyon xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar çıxış ediblər.
Mayottanın "CSUM Kollektiv Stop Uwambushu" hərəkatının üzvü Fatima Mze Said qeyd edib ki, reyunyonlular nə reyunyonlu, nə də fransız kimi qəbul edilmir: "Biz neokolonial sistemə qarşı mübarizə aparmalıyıq. Reyunyon Fransa tərəfindən istismar olunur. Ona görə də biz birlikdə öz ləyaqətimizin müəyyənləşdirilməsi üçün mübarizə aparmalıyıq".
Maore Komitəsinin baş katibi Ahmed Said Mohamed (Qəmər adası) bildirib ki, dominantlıq Fransaya imkan verdi ki, özünü Hind okeanında hökmdar kimi hiss edərək ona aid olmayan torpaqları işğal etsin. Hazırda Hind okeanı neft-qazla zəngin zona hesab olunur. Fransa həmin zonaları əlində saxlamaqla təbii sərvətlərini istismar etmək niyyətindədir. Əgər biz birləşsək, müstəmləkəçiliyə qarşı mübarizədə daha güclü olarıq.
"Suluhu" hərəkatının sədri Madi Zirari deyib ki, dünya xalqları Fransanın müstəmləkə siyasətinə qarşı birgə mübarizə aparmalıdırlar. Bu dövlətin Əlcəzairdə törətdikləri hər kəsə məlumdur. Fransa vaxtilə müvafiq qanunlar qəbul edərək irqi ayrı-seçkiliyi müdafiə edən sistem yaradıb. Hazırda isə özünün neomüstəmləkəçi siyasətini müxtəlif formalarda davam etdirir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktorunun müşaviri Aytən Qəhrəmanova deyib ki, Fransanın 60 il əvvəl törətdiyi "Kröz uşaqları" faciəsinə (affaire des Enfants de la Creuse) hələ də hüquqi qiymət verilməyib. Həmin vaxt 2150 uşaq ata-anasından zorla alınaraq deportasiya edilib. Fransa hakimiyyəti o vaxt demoqrafik tarazlıq yaratmaq istəyirdi. Ona görə də uşaqlar Fransanın məskunlaşma çox olan hissələrində ailələrindən alınırdı. Onlar yoxsulluqla mübarizə aparan ailələrə söz veriblər ki, övladları Fransada daha yaxşı təhsil alacaq və ildə bir dəfə ailələrini ziyarət etmək şansları olacaq. Lakin reallıqda həmin uşaqların əksəriyyəti bütün qohumluq bağlarını itirib və onlar bir daha doğma adalarına ayaq basmayıblar. Onlar fransalı ailələrə övladlığa verilmə adı ilə ferma və kəndlərdə fəhlə kimi işlədiliblər. Həmin uşaqlara qarşı zorakılıq hallarının olduğu məlumdur. Biz insan hüquqlarının və xüsusən də uşaqların haqlarının pozulmasından danışarkən bu problemin həllində beynəlxalq təşkilatların rolunu və yerini mütləq nəzərə almalıyıq.
Qəmər Adalarının Bütövlüyü və Suverenliyinin Müdafiəsi üzrə Kollektivin üzvü Mustafa Abdou-Raouf vurğulayıb ki, müxtəlif beynəlxalq təşkilatlar Fransanın müstəmləkəçilik siyasətini pisləyir. Bizim xalqlarımız imperialist qüvvələrə qarşı mübarizə aparır. Fransanın dünyada nüfuzu getdikcə zəifləyir. Ona görə də biz qonşularımızla birliyimizi gücləndirib, müstəmləkəçilikdən azad ola bilərik. Bunun üçün müxtəlif cəbhələrdə savaşıb, Afrika ölkələrinin birliyini möhkəmləndirməliyik.
Fransanın "Musulmans en France" xəbər portalının təsisçisi və baş redaktoru, Parisin "La Gazette du Caucase" internet-qəzetinin baş redaktoru Jan Mişel Brün bəyan edib ki, Fransa müstəmləkəsi assimilyasiya siyasəti ilə xarakterizə olunur. Reyunyonda isə assimilyasiya acınacaqlı forma alıb. Orada əvvəllər etnik xalqların sayı çox idi. Lakin bütün bu etnik mədəniyyətləri boğmağa çalışırdılar ki, yalnız Fransa mədəniyyəti olsun. Bu, öz növbəsində, Reyunyon üçün faciəvi nəticələrə səbəb oldu.
Madaqaskardan olan prodüser-rejissor Klaudia Ramananjanahary beynəlxalq ictimaiyyəti yerli xalqın apardığı mübarizənin legitimliyini dəstəkləməyə çağırıb. Fransa Reyunyondakı siyasətinə görə mənəvi və siyasi məsuliyyət daşıyır. Hind okeanı zonası dövlətlərinin, beynəlxalq ictimaiyyətin dəstəyi bu mübarizəyə böyük töhfə verə bilər. Fransanın müstəmləkəçilik siyasəti nəticəsində Reyunyon yüksək yoxsulluq səviyyəsi, eləcə də çətin iqtisadi və sosial vəziyyətlə üzləşib.
A.ƏLİHEYDƏRQIZI,
"Respublika".