VƏTƏNDAŞLARLA GÖRÜŞ

Xalq etimadı

  • 07/02/2025

Prezident seçkiləri hər bir ölkənin siyasi sistemində və həyatında mühüm rol oynayır. Çünki prezident dövlət başçısı kimi ölkənin daxili və xarici siyasətini müəyyənləşdirir, icra hakimiyyətinin başında dayanır və vətəndaşların maraqlarını təmsil edir. 
 

2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi yekun nəticələrə əsasən, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev səslərin 92,12 faizini toplayaraq qalib gəldi. Bu seçki Zəfər seçkisi  idi. Öncəki hər bir seçkidə möhtəşəm uğurlarımızın fonunda qarşıdakı dövrdə görüləcək işlər, hədəflər açıqlanarkən Qarabağ münaqişəsinin həlli, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı xüsusi qeyd olunurdu. Azərbaycanın xarici siyasətinin prioritet məsələsi olan Qarabağ münaqişəsinin həllində diplomatik mübarizənin əsas olduğu önə çəkilərək bu istiqamətdə səylərin artırılması əsas çağırış kimi qeyd edilirdi. Lakin ötənilki seçkilər üçün hədəflərimizdə böyük fərqlilik mövcud idi və bundan böyük qürur hissi keçirdik. 

İkinci Qarabağ müharibəsində tarixi zəfərimiz seçkilərin nəticələrinə də təsirsiz ötüşmədi. Azərbaycan vətəndaşlarının seçkilərə münasibətində ərazi bütövlüyü amili önəmli rol oynadı. İndi isə əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin sürətini daha da artırmaq, soydaşlarımızın bu məkanlara tam qayıdışını təmin etməkdir. Burada yeni şəhərlər və kəndlər inşa edilir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzurda məskunlaşması planlaşdırılır. 

Prezident İlham Əliyev andiçmə mərasimi zamanı əminliklə bildirmişdir ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlindən gələni əsirgəməyəcəyək. Arxada qoyduğumuz 2024-cü ildə də Prezident bu missiyasını davam etdirdi. Onun 26 fevral 2024-cü ildə Xocalıya səfəri və əhali ilə görüşməsi tarixi, bir o qədər də qürurlu və sevincli anlardan biri idi. Səfər zamanı dövlət başçısı Xocalı Soyqırımı Memorialının təməlini qoydu və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Prezident Xocalı soyqırımı qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad etdi, bu günləri bizə bəxş edən şəhidlərimizə ehtiramını bildirdi. 

Ötən il Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında çıxışı zamanı cənab Prezident baş verən vacib hadisələrdən biri kimi Xəzər dənizinin Azərbaycana məxsus sektorunda "Abşeron" qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı olduğunu qeyd etdi. Bu, "Şahdəniz"dən sonra ikinci nəhəng qaz ehtiyatının kəşfi deməkdir. 

Azərbaycan daha iki ölkə - Macarıstana və Serbiyaya qaz nəql etməyə başladı. Beləliklə, bizim Avropaya qaz təchizatımızın coğrafiyası genişlənmiş oldu. Bu gün Azərbaycan 12 ölkəyə qaz nəql edir ki, onlardan 10-u Avropa ölkəsidir. Cənab Prezident həmin görüşdə "Azərbaycan qazına böyük tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir" deyə bildirdi.  

Ötən il Prezident tərəfindən Hacıqabul rayonunda Şirvan suvarma kanalının da təməli qoyuldu. İcra ediləcək yeni layihənin böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur quruyub. Kanal istifadəyə veriləndən sonra göl dolacaq və bunun təbiətə çox müsbət təsiri olacaq.  

Daha bir yaddaqalan tədbir Prezident İlham Əliyevin ötən il sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etməsi oldu. Prezident İlham Əliyev çıxışında gələcəkdə Qərbi Azərbaycana qayıdışın da mümkün olacağını dedi. Bu, bütün qərbi azərbaycanlılara böyük sevinc və ümid hissi bəxş etdi. Prezident gələcəkdə Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsinin Ağkilsə kəndində bərpa ediləcəyini də bildirdi, suverenliyin tam bərpa edilməsinin xalqda nikbinlik yaratdığını və gələcək hədəflərin həm strateji, həm də taktiki baxımdan düzgün seçilməsinin vacibliyini vurğuladı. 

Dövlət başçısı Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmək üçün müstəqil və balanslı xarici siyasət həyata keçirir. BMT-dən sonra ən böyük platforma olan, ölkələrin sayına və fəallığına görə seçilən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə uğurlu rəhbərlik edən Azərbaycan təşkilatın beynəlxalq nüfuzunu artırmış və inkişafına böyük töhfə vermişdir. Prezident İlham Əliyevin növbəti uğuru BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti - 29-cu sessiyasına evsahibliyinin dünyanın 200-ə yaxın ölkəsi tərəfindən Azərbaycana həvalə olunması oldu. COP29-un uğurla keçirilməsi də beynəlxalq arenada qazandığımız növbəti nailiyyət idi. 

Türk Dövlətləri Təşkilatının regionda güc mərkəzinə çevrilməsində də Prezident İlham Əliyevin böyük dəstəyi var. Azərbaycanın Qahirədə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində təşkilatın üzvlüyünə qəbul edilməsi də çox əlamətdar hadisədir. Dünya müsəlmanlarının 60, dünya əhalisinin 15 faizini birləşdirən və 4 trilyon dollar ÜDM-yə malik bu təşkilata üzvlüyümüz Azərbaycana yeni imkanlar qazandıracaq.  

İlham Əliyevin prezidentliyi dövründə həyata keçirilən infra-struktur layihələri ölkənin iqtisadi gücünü artırıb, sosial rifah sahəsində həyata keçirilən islahatlar isə xalqın həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. İnfrastrukturun yenilənməsi və genişləndirilməsi Azərbaycanı regionda nəqliyyat və logistika mərkəzinə çevirib. Hava nəqliyyatı sahəsində də böyük nailiyyətlər əldə edilib. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə hava limanlarının istifadəyə verilməsi Azərbaycanın iqtisadi və strateji imkanlarını daha da artırıb.

 

Pərvanə VƏLİYEVA,

Milli Məclisin deputatı