
Avropa İttifaqı regionda sülhə mane olur
"Biz Avropa İttifaqı (Aİ) ilə enerji sektoru da daxil olmaqla, qarşılıqlı faydalı əməkdaşlığın inkişafında perspektivlər görürük. Azərbaycan müxtəlif infrastruktur layihələri, o cümlədən "Cənub qaz dəhlizi" vasitəsilə Aİ-nin bəzi üzv dövlətlərinə qaz təchizatının coğrafiyasını genişləndirir. Hazırda 8-i Aİ üzvü olmaqla, 10 Avropa ölkəsi Azərbaycandan qazı alır və bu, bəzi ölkələrdə daxili istehlakın, demək olar ki, yarısını ödəyir".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. Deputat xatırladıb ki, 10 yanvar 2025-ci ildə Prezident İlham Əliyevlə Avropa Şurası Prezidenti Antonio Koşta arasında telefon danışığı da olub. Avropa Şurasının keçmiş prezidenti Şarl Mişel də Azərbaycana münasibətdə müsbət siyasət kursu həyata keçirirdi. Mişel Aİ-nin Cənubi Qafqaza baxışında yeni strateji çəki gətirmişdi. "Lakin son dövrlərdə digər Aİ rəsmilərinin hərəkətləri Azərbaycan ilə Aİ arasında münasibətlərə mənfi təsir göstərib. Azərbaycana qarşı ədalətsiz tələblər irəli sürülməsi narahatlıq yaradır. Aİ iqlim fəaliyyəti üzrə güclü dəstəkləyici kimi tanınır və əvvəlki COP-larda hər zaman ən yüksək səviyyədə təmsil olunmasına baxmayaraq, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin COP29 Liderlər Sammitində planlaşdırılan iştirakını son anda ləğv etmək qərarı siyasi səbəblərlə bağlı idi. Aİ rəsmisi Cozep Borel Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib və əsassız bəyanatlar səsləndirib. Aİ sözçüsünün bəyanatlarında Azərbaycanın daxili işlərinə qarışan, qəbuledilməz ifadələr yer alıb", - deyə siyasətçi əlavə edib.
P.Vəliyeva qeyd edib ki, Avropa Parlamenti sanki Avropa Komissiyasının açıq şəkildə ifadə etmək istəmədiyi fikirləri səsləndirir. 2023-cü ilin sentyabrında antiterror əməliyyatından sonra AP Azərbaycan əleyhinə üç qərəzli qətnamə qəbul edib. Bu qətnamələrdə Azərbaycana qarşı ittihamedici, absurd, ayrı-seçkilik sərgiləyən fikirlər yer alıb. 2024-cü il aprelin 5-də Brüsseldə keçirilmiş və Ursula fon der Lyayen, Cozep Borel, Antoni Blinken və Nikol Paşinyanın iştirak etdiyi "Ermənistanın davamlılığına dəstək" mövzusunda Aİ-ABŞ-Ermənistan yüksəksəviyyəli görüşü də şəffaf olmayıb, regional inklüzivlik təmin edilməyib və regionda etimad quruculuğuna ciddi şəkildə zidd olub. Bu üçtərəfli formatla Aİ regionda yeni bölücü xətlər yaratmağa çalışır.
Deputat bildirib ki, Ermənistanda Aİ Monitorinq missiyasının (EUMA) fəaliyyəti ciddi narahatlıq doğurur, çünki bu, ilkin razılaşmalara ziddir: "Aİ Şurasının EUMA-nın mandatını bu ilin əvvəlində daha iki il uzadaraq sərhədimizdə "binokl diplomatiyası"nı davam etdirməsi açıq-aşkar düşmənçilik xarakteri daşıyır. Avropa İttifaqı ilə tərəfdaş ölkəyə belə münasibət bəsləməzlər. Digər ölkənin sərhədində dayanıb sanki düşmən tərəfə baxırmış kimi hərəkətlər etmək doğru deyil. Heç bir ölkə istəməz ki, onun sərhədində 3-cü bir dövlətin sərhəd-mühafizə dəstələri və ya hərbi-kəşfiyyat missiyası olsun. Həm də Azərbaycan və Ermənistan arasında de-fakto sülh mövcuddur. Hər iki ölkə sərhədin delimitasiyası prosesi ilə məşğuldur. Missiyanın sərhəddə mövcudluğu Azərbaycan və Ermənistan arasında hazırda həssas olan sülh sazişi üzrə danışıqlara ziyan vurur".
P.Vəliyeva deyib ki, Avropa Sülh Mexanizmi (EPF) Ermənistan silahlı qüvvələrinə 10 milyon avro dəyərində dəstək göstərib. Fransa və Hindistandan da bu yardımlar davam etdirilir. Aİ-nin ikili standartları onun etibarlılığını sarsıdır. Elə Münxen Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidenti Ci Di Vensin çıxışı da bunu deməyə əsas verir ki, Avropada demokratiya və dəyərlər çoxdan ölüb. İkili standartlar, ayrı-seçkilik, qərəzli yanaşmalar bu qurumun beynəlxalq nüfuzuna ciddi zərbə vurub. Ci Di Vens hər kəsin, dünya ictimaiyyətinin çoxdandır bildiyi həqiqətləri dünyada ən güclü dövlətin mövqeyi kimi dilə gətirib və bu, təbii ki, Avropa liderlərini narahat edir. "Təxminən 30 il davam edən Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan suveren ərazilərini işğalı dövründə Aİ bunu heç vaxt qınamamışdı. Lakin indi Aİ təcavüzkar dövlətin tərəfində dayanaraq "durbin diplomatiyası" aparır, onun hərbiləşməsinə kömək edir və bununla da Ermənistanı revanşizmə qızışdırır. Üstəlik, Aİ rəsmiləri Ermənistandan qovulan azərbaycanlıların geri qayıtmasına heç vaxt dəstək ifadə etməyib, Azərbaycan mədəni irsinin qəsdən məhv edilməsini qınamayıb, nə də ki, bunu dilə gətirən kimsə olmayıb. Əgər söhbət həqiqətən demokratiyadan və insan hüquqlarından gedirsə, Aİ bu məsələləri də işıqlandırardı, lakin söhbət Azərbaycan olunca, susmağa, özünü görməzliyə və eşitməzliyə vurmağa davam edir", - deyə o əlavə edib.