VƏTƏNDAŞLARLA GÖRÜŞ

Fransa Azərbaycana qarşı subyektiv siyasət yürüdür

  • 12/03/2025

Ermənistana isə revanşizm ritorikası ilə hərbi dəstək göstərir
 

 

"Fransanın dənizaşırı ərazilər naziri Manuel Valls "BFMTV"yə müsahibəsi zamanı növbəti dəfə Azərbaycanı Fransaya qarşı guya hibrid müharibə aparmaqda, habelə dənizaşırı ərazilərdə müstəqillik tərəfdarlarını dəstəkləməklə ölkəsinə xarici müdaxilədə günahlandırıb. Fransa koloniyalardakı yarıtmaz siyasətini, xalqın haqlı tələblərini dinləmək əvəzinə xarici müdaxilə tezisini ortaya atıb, diqqəti yayındırmağa çalışır",

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.  O bildirib ki, sanki günahkar dekolonizasiya tələb edən şəxslər və Bakı Təşəbbüs Qrupudur. Halbuki BTQ Fransa tərəfini əməkdaşlığa dəvət edir. Bakı Təşəbbüs Qrupu təkcə Yeni Kaledoniyada deyil, ondan dəstək istəyən bütün ərazilərdə dekolonizasiya prosesinə yeni nəfəs gətirib. Qlobal bir platforma olaraq koloniyaların beynəlxalq ictimaiyyətə səslərinin çatdırılmasında, onların öz fikirlərini ifadə etmək üçün güclü bir platforma təmin edərək beynəlxalq təşkilatlarda məsələ qaldırır və BMT-nin diqqətini müstəmləkəçilik probleminə yönəltməyə çalışır. Beynəlxalq Dekolonizasiya Cəbhəsi yaradılıb və mübarizə üçün institutlaşma artıq mövcuddur. Beynəlxalq QHT olaraq BTQ bu istiqamətdə fəal şəkildə məşğul olur. "Azərbaycan XXI əsrdə davam edən müstəmləkəçilikdən və onun yeni təzahürlərindən dərin narahatlıq keçirir. Azərbaycan beynəlxalq ictimaiyyəti belə iyrənc neokolonializm praktikasına göz yummamağa, xüsusilə Fransanın nəzarətində olan ərazilərdə məcburi assimilyasiya siyasətinə qarşı çıxmağa çağırıb və neokolonializmə qarşı yeni bir mübarizə başladıb. Bu ilin fevral ayında Fransanın koloniyalarından bir qrup jurnalistin ölkəmizə səfəri baş tutub və səfər çərçivəsində Azərbaycan mediası və beyin mərkəzləri ilə əməkdaşlıqlar müzakirə edilib. Fransa davamlı olaraq öz mətbuatında ölkəmiz əleyhinə dezinformasiyalar yayı. Təbii ki, bu, Fransada və onun ərazilərində ictimai rəyi çaşdırır. Həmin media nümayəndələri ölkəmizdəki isti münasibəti görüb, reallıqlarla tanış olduqda isə bu cəhdlərin Parisin ölkəmizə qarşı qarayaxma kampaniyasından başqa bir şey olmadığını dərk edirlər", - deyə deputat əlavə edib. 

Siyasətçi qeyd edib ki, həmin jurnalistlər öz ölkələrinə qayıtdıqdan sonra məqalələr yazaraq və bu barədə məlumatlar verirlər. Fransa Xarici İşlər Nazirliyi Azərbaycanı səyahət üçün təhlükəli ərazi kimi qeyd edib. Bu isə dezinformasiyanın başqa bir növüdür.

P.Vəliyeva vurğulayıb ki, Fransa Cənubi Qafqaz regionunda sülh prosesinə, normallaşmaya müdaxilə edir, Ermənistana revanşizm ritorikası ilə hərbi dəstək göstərir: "Avropa İttifaqını ölkəmiz əleyhinə proseslərə təhrik edir. Bu isə onun ölkəmizə qarşı qərəzli, diplomatiyadan kənar və subyektiv siyasət həyata keçirdiyinin bariz nümunəsidir".