
BRİCS ilə əməkdaşlıq, ölkənin ticarət, investisiya və enerji sektorlarında yeni imkanlar əldə etməsinə şərait yarada bilər
"Azərbaycan çoxtərəfli diplomatiya prinsipinə sadiq qalaraq, beynəlxalq əməkdaşlıqda fəal iştirak edir".
"BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) platforması ilə əməkdaşlıq, Azərbaycanın qlobal miqyasda təsirini gücləndirmək və müxtəlif qütblər arasında balanslaşdırılmış əlaqələr qurmaq siyasətinin bir hissəsi kimi qiymətləndirilə bilər. Azərbaycanın Qoşulmama Hərəkatına (QH) uğurlu sədrliyi, ölkənin beynəlxalq arenada müstəqil və aktiv rolunu bir daha nümayiş etdirdi. QH üzvləri arasında balanslı siyasət aparmaqla Azərbaycan həm inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etmiş, həm də böyük güclərlə əməkdaşlıq əlaqələrini qorumağa nail olmuşdur. Sədrliyimizin bitməsinə baxmayaraq, Azərbaycan hələ də bu təşkilatda fəal və səmərəli fəaliyyət göstərməkdə davam edir.
Azərbaycan, həmçinin, COP29-a sədrlik edən ölkə kimi qlobal iqlim gündəminin formalaşmasında fəal iştirak edir. Burada məqsəd, Qlobal Cənub və Qlobal Şimal arasında dialoq yaratmaq və qarşılıqlı əməkdaşlığı təşviq etməkdir. İqlim dəyişikliyi məsələləri üzrə aparılan danışıqlar, Azərbaycanın yalnız regional deyil, qlobal miqyasda da təsirli rol oynadığını göstərir. İqlim diplomatiyası çərçivəsində Azərbaycanın enerji keçidi və davamlı inkişaf strategiyaları diqqət mərkəzindədir. Bu kontekstdə Azərbaycan, həm də BRİCS ölkələri ilə dialoqu genişləndirməyi və əməkdaşlıq imkanlarını araşdırmağı hədəfləyir. BRİCS ilə əməkdaşlıq, ölkənin ticarət, investisiya və enerji sektorlarında yeni imkanlar əldə etməsinə şərait yarada bilər. Bu platforma ilə əməkdaşlıq, Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirməklə yanaşı, qlobal iqtisadi inteqrasiyanı da dəstəkləyir.
Azərbaycanın şaxələndirilmiş diplomatik fəaliyyəti göstərir ki, ölkə yalnız regional layihələrlə kifayətlənməyərək, beynəlxalq arenada fərqli güc mərkəzləri arasında tarazlıq yaratmağa çalışır. BRİCS ölkələri ilə qurulan dialoq və əməkdaşlıq həm qlobal miqyasda təsirli inteqrasiyanın bir hissəsi kimi çıxış edir, həm də Azərbaycanın xarici siyasətinin müstəqil və balanslı xarakterini əks etdirir".
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı