VƏTƏNDAŞLARLA GÖRÜŞ

Səfərov Hikmət İldırım oğlu

Səfərov Hikmət İldırım oğlu 1972-ci il iyulun 11-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olmuşdur. 1979-cu ildə Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbinin birinci sinfində orta təhsilinə başlamış və 1989-cu ildə elə həmin məktəbi bitirərək 1990-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olmuşdur. 1995-ci ildə “İnformasiya ölçmə texnikası” ixtisasını bitirdikdən sonra leytenant rütbəsi almışdır. 2004-cü ilin yayında Baş leytenant olaraq ehtiyata buraxılmışdır. Azərbaycan Ordusunun baş leytenantı olan Hikmət Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı ağır yaralanıb. Dekabrın 8-i Bakı şəhərində müalicə aldığı Hərbi Hospitalda şəhid olub. Şəhid Hikmət Səfərov “II Fəxri xiyaban”ında torpağa tapşırılıb. Xətai rayonunda bir küçəyə şəhid Hikmət Səfərovun adı verilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi, döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Hikmət Səfərov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Ağdamın azad olunmasına görə” medalarlı ilə təltif edilib.