VƏTƏNDAŞLARLA GÖRÜŞ

Şahmarlı Vüsal Mərdan oğlu

Şahmarlı Vüsal Mərdan oğlu 11 oktyabr 1996-cı ildə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuşdur. İlk təhsilini Rusiyanın Tümen şəhərində alan Vüsal 5-ci sinifdə oxuyarkən ailəsi ilə birlikdə Azərbaycana qayıtmış və Bakı şəhəri 138 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. Orta təhsilini 2014-cü ildə başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır. Gədəbəydə hərbi xidmətinə başlamışdır. Hərbi xidmət müddətində 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Şahmarlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində topatıcı əsgər olaraq hərbi əməliyyatlarda, xüsusilə də Füzuli uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 18 oktyabr 2020-ci ildə Füzulidə şəhid olmuş, İmişli rayonu Sarıxanlı kənd məzarlığında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vüsal Şahmarlı ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.