VƏTƏNDAŞLARLA GÖRÜŞ

Umudlu Elmir Pərviz oğlu

Umudlu Elmir Pərviz oğlu 25 mart 2001-ci ildə Şəki rayonunun İnçə kəndində anadan olub. 2007-ci ildə İnçə-Zunud kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 1-ci sinfi bitirdikdən sonra Bakı şəhərinə qayıdıb və VIII sinfə qədər orada təhsil alıb. Orta təhsilinin davamını yenidən Şəki rayonu İnçə-Zunud kənd tam orta məktəbində oxuyub. 2018-ci ildə məktəbi bitirib və Sumqayıt Dövlət Universitetinin nəzdində olan Sumqayıt Dövlət Texniki Kollecində “Nəqliyyat daşınmalarının təşkili” fakültəsinə qəbul olub. 2019-cu ilin aprel ayında Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olub. Həmin döyüşlərdə yaralanmasına baxmayaraq, yenidən Xocavənd rayonunda gedən döyüşlərə qoşulub. 28 oktyabr 2020-ci ildə isə Xocavənd rayonunda gedən şiddətli döyüşlərin birində şəhid olub. Oktyabr ayının 31-də Şəki rayonunun Zunud kənd məzarlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Umudlu Elmir ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, həmçinin, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.