
Yaqubov Fəxrəddin Yaqub oğlu
Yaqubov Fəxrəddin Yaqub oğlu 1962-ci il iyulun 9-da Qubadlı rayonunun Yusifbəyli kəndində anadan olub. 1969-1979-cu illərdə Qubadlı rayon Çay Tumas kənd tam orta məktəbində təhsil alıb. 1979-1980-ci illərdə Bakıda 12 saylı Peşə məktəbində təhsilini davam etdirmişdir. Fəxrəddin Yaqubov 1980- 1982-ci illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Bir müddət Bakı şəhərində sərnişindaşıma nəqliyyatında işləyən Yaqubov 15 ildən artıq Xətai rayonunda 7 nömrəli Təcili Tibbi Yardım Stansiyasında işləyib. Fəxrəddin Yaqubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlər zamanı ölən və yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını döyüş meydanından çıxaran Təcili Tibbi Yardım avtomobilinin sürücüsü olub. Fəxrəddin Yaqubov noyabrın 22-də Laçın rayonu ərazisində azaraq Ermənistan Ordusunun olduğu əraziyə daxil olub. Nəticədə, ermənilər tərəfindən əsir götürülüb və öldürülüb. Nəşi noyabrın 30-da Azərbaycana təhvil verilib və Suraxanı rayonu “Dədə Qorqud” məzarlığında dəfn olunub. Ailəli idi, iki övladı var.