VƏTƏNDAŞLARLA GÖRÜŞ

Nəzirov Emil Nəzir oğlu

Nəzirov Emil Nəzir oğlu 1969-cu il fevralın 4-də Lənkəran rayonunun Veravul kəndində anadan olub. 1987-ci ildə orta məktəbi bitirdikdən sonra avqust ayının 1-də Leninqrad vilayətindəki Lomonosov adına hərbi aviasiya mühəndisləri məktəbinə daxil olub. 1990-cı il iyun ayının 28-də həmin məktəbi bitirib və leytenant rütbəsi alaraq təyinatla indiki Hacı Zeynalabdin qəsəbəsində yerləşən hərbi hissələrin birində təyyarə texniki kimi sovet ordusu sıralarında xidmətə başlayıb. 1992-ci ilin əvvəllərindən könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına yazılıb və Qala qəsəbəsindəki hərbi hissədə Mi-24 helikopterində bort-texnik atıcı qismində xidmətə başlayıb. Xidməti dövründə Birinci Qarabağ müharibəsində iştirak edib və “Kamov Ka-27” tipli helikopterdə bort-texnik kimi, sonra isə bort-texnik təlimatçı qismində fəaliyyət göstərib. 15 sentyabr 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələri sıralarından kapitan rütbəsi ilə ehtiyata buraxılıb. Üç il sonra – 23 oktyabr 2003-cü ildə yenidən Azərbaycan Silahlı Qüvvələri sıralarına Dövlət Sərhəd Xidmətinin zabiti kimi geri qayıdıb və ilk aviasiya dəstəsinin yaradıcılarından olub. Yenidən “Mil Mi8” helikopterində bort-texnik qismində xidmətə başlayıb. 2008-ci ildə isə mayor rütbəsində eskadrilya komandirinin müavini vəzifəsində xidmət edib. 2015-ci ilin sentyabr ayının 7-də Polkovnik-leytenant rütbəsinə yüksəlib. 2015-ci il dekabr ayının 9-da Aviasiya İdarəsinin uçuş mühəndisliyi şöbəsinin helikopter və mühərriklər üzrə baş zabit-mühəndis vəzifəsinə təyin olunub. 2021-ci il iyul ayının 24-də Dövlət Sərhəd Xidmətində yaranan Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının Mühəndis Aviasiya İşləri üzrə müavini və Mühəndis Aviasiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub və avqust ayının 30-da polkovnik rütbəsinə yüksəlib. 330 noyabr 2021-ci ildə Xızı rayonu Qaraheybət poliqonundan təlim üçün havaya qalxan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi Mil Mi-17 döyüş helikopteri qəzaya uğrayır və nəticədə 16 zabit heyətindən 14-ü həlak olur, 2-si isə yaralanır. Emil Nəzirov həmin hadisə zamanı şəhid olmuşdur. Emil Nəzirov və onunla birgə şəhid olan 10 zabit “II Fəxri xiyaban”ında dəfn olunmuşdur. Ailəli idi, üç övladı var. Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Emil Nəzirov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.