
Həsənov Ziya Niyazi oğlu
Həsənov Ziya Niyazi oğlu 1989-cu il 11 oktyabrda Ağdamın Boyəhmədli kəndində anadan olub. 1996-cı ildə Bərdə şəhəri 4 saylı məktəbin birinci sinfinə daxil olmuşdur. 2004-2007-ci illərdə C.Naxçıvanski adına Hərbi liseydə təhsil alıb. 2007-ci ildə təhsilini Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. 2011-ci ildə Ali hərbi məktəbi bitirən Ziya Həsənov cəbhənin Ağdam istiqamətində tağım komandiri kimi xidmətə başlayır. 2015-ci ildən etibarən Ziya Həsənov cəbhənin Füzuli-Beyləqan istiqamətində xidmətini davam etdirib. Baş leytenant Ziya Həsənov 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlanan və Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində baş verən Aprel döyüşlərində iştirak edib və təmas xəttində baş verən atışma zamanı şəhid olub. Aprelin 5-i isə Bərdə şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Ailəli idi, bir övladı var. Göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə Ziya Həsənov ölümündən sonra III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.