
Məmmədov Rasim Əbdül oğlu
Məmmədov Rasim Əbdül oğlu 20 may 1977-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 1983-cü ildə Cəhri kənd orta məktəbinin birinci sinfinə daxil olub və 1994-cü ildə həmin məktəbi bitirib. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olan Rasim Məmmədov 2000- ci ildə həmin məktəbi tank qoşunları komandanı ixtisası üzrə bitirib. Leytenant Rasim Məmmədov Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətini “N” saylı hərbi hissədə davam edib. 2000-ci ildən 2001-ci ilə qədər N saylı hərbi hissədə təlim taborunun tuşlayıcı taqımının komandiri, 2001-ci ildən 2002-ci ilə qədər isə həmin hərbi hissədə təlim döyüş tankları taqımının komandiri vəzifələrində işləyib. 2002-ci ildə Müdafiə nazirinin əmri ilə baş leytenant rütbəsi alıb. 2005-ci ilə qədər “N” saylı hərbi hissədə tank taqımının komandiri vəzifəsində xidmət edib. 2007-ci ildən 2010-cu ilə qədər Motoatıcı Taborun Qərargah rəisinin Maddi Texniki Təminat üzrə köməkçisi, 2010-cu ildən 2011-ci ilə qədər isə Motoatıcı Taborun rəisi vəzifəsində çalışıb. 2011-ci ildə Müdafiə Nazirinin əmri ilə mayor rütbəsi alıb. 2011-ci ildən 2012-ci ilə qədər “N” saylı hərbi hissədə Motoatıcı Taborun komandirinin müavini, 2012-ci ildən 2014-cü ilə qədər isə, həmin hərbi hissədə Motoatıcı Taborun komandiri vəzifəsində çalışan mayor Rasim Məmmədov 2014-cü ildən 2015-ci ilə qədər, həmin hərbi hissənin 2-ci Motoatıcı Taborun komandiri kimi xidmət etmişdir.
Mayor Rasim Məmmədov 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlanan və Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində baş verən Aprel döyüşlərində iştirak edib və şəhid olub. Aprelin 5-i şəhid Məmmədov Rasim Babək rayonunun Cəhri kəndində dəfn olunub. Ailəli idi, iki övladı var. Göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Rasim Məmmədov ölümündən sonra “Vətən uğrunda” və II dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilmişdir.