
Qurbanov Çingiz Salman oğlu
Qurbanov Çingiz Salman oğlu 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə məktəbi bitirən Çingiz Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 2016-cı ildə universiteti bitirib həqiqi hərbi xidmətə yollanıb. 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman, düşmənin pusqusuna düşüb və şəhid olub. Nəticədə, Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qalıb. 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşi Azərbaycan tərəfinə təhvil verilib və Qusar şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Qusar şəhərindəki küçələrdən birinə və təhsil aldığı Həzrə kənd tam orta məktəbinə Çingiz Qurbanovun adı verilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Çingiz Qurbanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. 2017-ci ilin fevralın 9-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çingiz Qurbanovun ailə üzvlərini qəbul edib. İlham Əliyev qəbulun sonunda şəhidin atası Salman Qurbanova “Qızıl Ulduz” medalını və Bakı şəhərində yerləşən üç otaqlı mənzilin orderini təqdim edib.