
Abbasbəyli Həmid Cavanşir oğlu
Abbasbəyli Həmid Cavanşir oğlu 17 noyabr 1991-ci ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olub. 1998-2002-ci illərdə Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə, 2002-2006-cı illərdə Şəki şəhər 18 saylı tam orta məktəbdə, 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. 2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2013-cü ildə ali hərbi təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Ardınca 2013-2014-cü illərdə təhsilini Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində davam etdirmişdir. 2016-2017-ci illərdə Türkiyə Respublikasında, 2017-2018-ci illərdə Çin Xalq Respublikasında xüsusi təlim kurslarında iştirak etmişdir. Ali təhsilini başa vurduqdan sonra Həmid Abbasbəyli cəbhə bölgəsində yerləşən Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə taqım komandiri olaraq hərbi xidmətə başlamışdır. 2015-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin sırasına qoşularaq hərbi xidmətini davam etdirmişdir. 2016-cı ilin 2-5 aprel tarixlərində baş verən “Aprel döyüşləri”nin iştirakçısı olmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Xocavəndin, Hadrut qəsəbəsinin, Füzulinin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həmid Abbasbəyli oktyabrın 19-dan 20-nə keçən gecə Laçın dəhlizinə nəzarət edən yüksəkliklər uğrunda aparılan döyüş əməliyyatlarında Xocavənd rayonunda Qırmızı Bazar qəsəbəsi ərazisində şəhid olmuşdur. Şəhid Həmid Abbasbəyli II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Abbasbəyli Həmid ölümündən sonra “Qarabağ” ordeni, həmçinin, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.