VƏTƏNDAŞLARLA GÖRÜŞ

Abbaslı Arif Firuz oğlu

Abbaslı Arif Firuz oğlu 1993-cu il dekabrın 15-də Naxçıvan MR Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olmuşdur. 2000-ci ildə Qıvraq rayonunda Sirac Əsədov adına 1 saylı tam orta məktəbə getmişdir. 2009-cu ildə 9-cu sinfi bitirmiş və 495 bal toplayaraq Naxçıvanda Heydər Əliyev adına Hərbi liseyə daxil olmuşdur. 2012-ci ildə Heydər Əliyev adına Hərbi Liseyin bitirmiş, daha sonra 2012-2016-ci ildə AAHM-i “Motoatıcı bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi” ixtisasına yiyələnmişdir. Daha sonra 6 aylıq “Xüsusi təyinatlı qüvvələr” kursunu müvəffəqiyyətlə bitirmiş, Türkiyədə 6 aylıq “Komando ixtisas” kursunda xizəkçilik, üzgüçülük, dağçılıq, paraşütçülük və ilk yardım ixtisasına yiyələnmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin, Füzulinin azadlığı uğrunda döyüşüb, Hadruta ilk ayaq basan hərbçilərimizdən olmuşdur. Hadrut əməliyyatının uğurlu olmasında onun rolu yüksək qiymətləndirilir. Şəhadətindən sonra onu “Hadrut Fatehi” deyə anırlar. Abbaslı Arif II Fəxri xiyabanda dəfn edilmişdir. Ölümündən sonra Bakı şəhərində adına küçə verilmişdir. Ailəli idi, bir övladı var. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin  məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığının yerinə yetirilməsində göstərdiyi qəhrəmanlığa, həmçinin hərbi vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Arif Abbaslı ölümündən sonra “Qarabağ” ordeni, həmçinin, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.