
Abbasov Ceyhun Natiq oğlu
Abbasov Ceyhun Natiq oğlu 1986-cı il fevralın 8-də Bakı şəhərində anadan olub. Orta təhsilini Xətai rayonunda Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə alıb. 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində Snayper Taborunun komandiri kimi xidmət edib. Ceyhun Abbasov 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlanan və Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində baş verən Aprel döyüşlərində iştirak edib. Döyüşlər zamanı fərqləndiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Ceyhun Abbasov 2020-ci ilin 12-16 iyul tarixlərində Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində baş verən Tovuz döyüşlərində iştirak edib. Azərbaycan Ordusunun giziri Ceyhun Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ceyhun Abbasov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Şəhid Ceyhun Abbasov “II Şəhidlər xiyabanı”nda dəfn olunub.
Ailəli idi, iki övladı var. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ceyhun Abbasov ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni ilə, həmçinin, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “İgidliyə görə” medalları ilə və təltif edilmişdir.