
Abasov Elvin Səxavət oğlu
Abasov Elvin Səxavət oğlu 1993-cü il iyunun 17-də Şamaxı rayonunun Çarhan kəndində anadan olub. Bakı Dövlət Universitetinin nəzdində kollecdə oxuyarkən Elvin Abasov təhsilini yarımçıq qoyaraq 2013-cü ildə Vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Füzuli rayonundakı xidmət etdiyi “N” saylı hərbi hissə komandiri tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif olunub. 2015-ci ildə isə hərbi xidmətini başa vuraraq ailəsinin yanına qayıdıb və yarıda saxladığı təhsilini qaldığı yerdən davam etdirib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü iştirak edib. Noyabrın 8-də Xocavənd uğrunda döyüşlər zamanı düşmənin gülləsinə tuş gələrək yaralanıb və Füzuli Rayon Xəstəxanasında əməliyyat olunub. Ağır yaralandığı üçün Ağcabədi Rayon Xəstəxanasına aparılıb. Noyabrın 12-də Bakıda xəstəxanaların birinə gətirilib, 10 gün komada qaldıqdan sonra noyabrın 22-də dünyasını dəyişib. Şəhid Elvin Abasov Şamaxı şəhəri Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elvin Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.