
Abdurahmanlı Sübhan Mahir oğlu
Abdurahmanlı Sübhan Mahir oğlu 1992-ci il oktyabrın 18-də Bakıda doğulmuşdur. 1999-cu ildə Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsində 165 nömrəli orta məktəbə getmiş, 2010-cu ildə həmin məktəbi bitirmişdir. 2010- 2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətə yollanmışdır. 2012-ci ildən isə müddətdən artıq hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı oktyabrın 1-dən 2-nə keçən gecə Fizuli rayonunun Rüzgar kəndində gedən döyüşlərdə yaralı əsgər yoldaşını xilas edən zaman snayper gülləsinə tuş gələrək şəhid olmuşdur. Şəhid Sübhan Abdurahmanlı oktyabr ayının 7-də II Fəxri xiyabanda torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sübhan Abdurahmanlı ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.