
Babayev İqbal Zəki oğlu
Babayev İqbal Zəki oğlu 10 sentyabr 1995-ci il tarixdə Bakı şəhəri Xətai rayonunda doğulmuş, 2002-2013-cü illərdə Bakı şəhəri 257 saylı orta məktəbində təhsil almışdır. 2013-cü ildə Xəzər Universitetinin “İqtisadiyyat fakültəsi”nə daxil olmuş, daha sonra 2015-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “İqtisadiyyat fakültəsi”ndə təhsilini davam etdirərək, 2018-ci ildə Akademiyanı iqtisadçı ixtisası üzrə bitirmişdir. İqbal 2018-ci ilin iyun ayından 2019-cu ilin iyun ayına kimi Naxçıvanda müddətli hərbi xidmətdə olmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq hərbi təlimlərə qatılmış, Füzuli, Cəbrayıl və Xocavəndin işğalçılardan azad edilməsi ilə bağlı döyüş əməliyyatlarında iştirak etmiş, 25 oktyabr 2020-ci il tarixdə Füzuli şəhərinin və Seyidəhmədli kəndinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 28 oktyabr Qəbələ şəhərində torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İqbal Babayev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.