
Cümşüdov Orxan Sabutay oğlu
Cümşüdov Orxan Sabutay oğlu 1993-cü il sentyabrın 1-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. Əvvəlcə, Goranboy rayonu, Fəxrəddin Rüstəmov adına Tap Qaraqoyunlu kənd tam orta məktəbini, daha sonra isə 2015-ci ildə Gəncə Dövlət Universitetinin Menecment ixtisasını bitirəndən sonra Bakı Mühəndislik Universitetinin magistr məzunu olub. Azərbaycan Ordusunun əsgəri olan Orxan Cümşüdov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Cümşüdov noyabrın 1-də Şuşa döyüşləri zamanı şəhid olub və Goranboy rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Orxan Cümşüdov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.