VƏTƏNDAŞLARLA GÖRÜŞ

Eyvazov Əbülhəsən Balaş oğlu

Eyvazov Əbülhəsən Balaş oğlu 1 oktyabr 1996-cı ildə Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub. 2003-cü ildə NZS qəsəbəsində yerləşən 165 saylı orta məktəbin 1-ci sinfinə qəbul olunub. 2014-cü ildə orta məktəbi bitirdikdən sonra, həmin ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə keçib. 2016-cı ilin aprel ayında tərxis qərarının çıxmağına baxmayaraq, Aprel döyüşlərinin başlanmasıyla əlaqədar ordudan tərxis olunması aprel ayının sonuna qədər ləngiyib və o, döyüşlərdə iştirak edib. Döyüşlər bitdikdən sonra xidmətini başa vurub, fəxri fərmanla təltif olunub. 27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunda yerləşən hərbi bölmələrin tərkibində döyüşlərə qatılıb. 30 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində yerləşən “bunker” adlanan yerə yaxın ərazidə gedən döyüşlərdə şəhid olub. Şəhid Əbülhəsən Eyvazov Suraxanı rayonu Dədə Qorqud qəbiristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Eyvazov Əbülhəsən ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.