
Əliyev Eldar Süleyman oğlu
Əliyev Eldar Süleyman oğlu 1994-cü il fevralın 13-də Bakıda doğulub. 2000-ci ildə Bakı şəhəri 70 nömrəli məktəb-liseydə oxumağa başlayıb. 2011-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinin “Türk Dünyası İşlətmə Fakültəsi”nə daxil olub. 2015-ci ildə təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılan Eldar, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu motoatıcı hərbi hissəsində pulemyot atıcı olaraq xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Hadrut və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 13 oktyabr tarixində Füzuli rayonu döyüşlərində şəhid olmuşdur. Şəhid Eldar Əliyev 18 oktyabr 2020-ci ildə Bakı şəhəri Əhmədli qəsəbəsi məzarlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Eldar Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.