VƏTƏNDAŞLARLA GÖRÜŞ

Əliyev Fizuli Vidadi oğlu

Əliyev Fizuli Vidadi oğlu 27 yanvar 1985-ci ildə Bakı şəhərində doğulub. Orta təhsilini 63 saylı tam orta məktəbin səkkizinci sinfinə qədər alan Fizuli, daha sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. Ali hərbi təhsilini bitirdikdən sonra leytenant rütbəsi ilə hərbi fəaliyyətinə başlayıb. Uzun müddət Murov dağında xidmət edib. “N” saylı hərbi hissənin “Həmlə” Taborunun Qərargah rəisi olaraq xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun kapitanı olan Fizuli Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fizuli Əliyev 8 oktyabr 2020- ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş və “II Şəhidlər xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən kapitan Fizuli Əliyev ölümündən sonra “Rəşadət” ordeni ilə, həmçinin, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.