VƏTƏNDAŞLARLA GÖRÜŞ

Əliyev Malik Təvəkkül oğlu

Əliyev Malik Təvəkkül oğlu 1986-ci il dekabrın 26-da Naxçıvan şəhərində anadan olub. 1993-cü ildə Naxçıvan şəhəri 5 saylı orta məktəbin 1-ci sinfində oxumağa başlayıb. 1998-ci ildə Naxçıvan şəhərində Cəmşid Naxçıvanski adına məktəbin 6-ci sinfinə daxil olmuş, 2001-ci ildə həmin məktəbin 8-ci sinfini bitirərək C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialına qəbul olmuşdur. 2004-cü ildə Heydər Əliyev adına Hərbi Liseyi bitirib, 2004-2008-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Malik Əliyev 2008-2015-ci illərdə Sərhəd Qoşunlarının Xudat şəhərində yerləşən N saylı Hərbi Hissəsində Komendant Bölüyünün komandiri, 2015- ci ildən isə Horadiz şəhərində yerləşən Sərhəd Dəstəsinin Komendaturasının Qərargah rəisi vəzifəsində xidmət edib. 2019-cu ildən Çevik Hərəkət idarəsində Döyüş hazırlığı üzrə şöbənin müavini vəzifəsində xidmət etmişdir. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan Malik Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı şəhid olub və “II Şəhidlər xiyabanı”nda dəfn olunub. Ailəli idi, bir övladı var. 

 Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına rəhbərlik etdiyi, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyi, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Şəhid mayor Malik Əliyev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, həmçinin, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.