
Əliyev Rüfət Fizuli oğlu
Əliyev Rüfət Fizuli oğlu 1992-ci il dekabrın 26-da Bakıda anadan olub. Xətai rayonu 27 nömrəli tam orta məktəbi bitirib, 2010-2014-cü illərdə ali təhsilini Azərbaycan Kooperasiya Universitetində alıb. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmət müddətində kəşfiyyatçı qrupunda olan Rüfət əsgərliyi bitirdikdən sonra 2015-ci ildə fəxri fərmanla təltif olunub. Öz arzusu ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına yazılıb. Avqustun 26-da hazırlıq keçmək üçün Lənkəran, Ağstafa, Daşkəsən istiqamətinə yollanıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli rayonu, Hadrut, Cəbrayıl rayonu, Xudafərin, Zəngilan rayonu istiqamətlərində döyüşlərdə iştirak edib. Noyabrın 8-də Ağbənd istiqamətində gedən döyüşlərdə şəhid olmuş və Suraxanı rayonu Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rüfət Əliyev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, həmçinin, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.