VƏTƏNDAŞLARLA GÖRÜŞ

Əliyev Samir Əliheydər oğlu

Əliyev Samir Əliheydər oğlu 1999-cu il avqustun 9-da Bakı şəhəri Xətai rayonunda anadan olub. Xətai rayonunun 55 nömrəli tam orta məktəbini 2016- ci ildə bitirib. Orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olmuşdur. 2020-ci ildə həmin məktəbi də bitirib zabit rütbəsini almışdır. Azərbaycan Ordusunun leytenantı olan Samir Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 29-da Ağuçuq istiqamətində gedən döyüşlərdə qrupu ilə birlikdə hücum edən düşmənin canlı qüvvəsini məhv edərək düşmən tankını geri çəkilməyə məcbur edib. Özünün yaralanmağına baxmayaraq digər yaralı yoldaşlarına kömək edib və onları təhlükəli ərazilərdən çıxarıb. Ağuçuq istiqamətində gedən hərbi əməliyyat zamanı düşmən atəşi ilə şəhid olub. Şəhid Samir Əliyev II Fəxri xiyabanda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olduğu, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyi, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Samir Əliyev ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni ilə, həmçinin, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.