VƏTƏNDAŞLARLA GÖRÜŞ

Əsgərov Fərid Ərəstun oğlu

Əsgərov Fərid Ərəstun oğlu 21 may 1996-cı il tarixində Neftçala rayonunun Qaçaqkənd kəndində hərbçi ailəsində anadan olmuşdur. 2002-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2007-ci ildə Lənkəran şəhər 6 saylı liseydə 6-cı sinfə başlamış və 2012-ci ildə həmin liseyin məzunu olmuşdur. 2013-cü ildə Lənkəran Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə təhsilini davam etdirmişdir. 2017-ci ildə Lənkəran Dövlət Universitetinin məzunu olmuşdur. Fərid Əsgərov 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2018-ci ildə xidmətini başa vurmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 4 noyabr 2020-ci il tarixində Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Fərid Əsgərov Neftçala rayonunun Qaçaqkənd kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Fərid Əsgərov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.