
Əsgərov Musa Əlifağa oğlu
Əsgərov Musa Əlifağa oğlu 1997-ci il fevralın 17-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. 2003-2011-ci illərdə N. Məmmədov adına Sabirabad kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Musa Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Musa Əsgərov sentyabrın 28-də Cəbrayıl rayonu Cəfərabad kəndində kəşfiyyatda olarkən düşmən tərəfindən pusquya düşürülərək şəhid olub onun nəşi 4 gün düşmənin nəzarət etdiyi ərazidə qalıb. 02.10.2020 tarixində Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl uğrunda apardığı döyüşlər zamanı onun nəşi döyüş meydanından götürülərək ailəsinə təhvil verilib. Şəhid Musa Əsgərov Cəlilabad rayonu Sabirabad kənd qəbiristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Musa Əsgərov ölümündən sonra “Azərbaycan bayrağı” ordeni və həmçinin, “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.