
Əsgərov Rüfət Mürvət oğlu
Əsgərov Rüfət Mürvət oğlu 1981-ci il avqustun 29-da Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. 1988-1996-cı illərdə Xətai rayonunda Ə.Əliyev adına 204 nömrəli tam orta məktəbdə, 1996-1999-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) başa vurub. Leytenant hərbi rütbəsi ilə Rüfət Əsgərov 2003-2009-cu illərdəAzərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində, baş leytenant hərbi rütbəsi ilə isə 2009-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Kapitan hərbi rütbəsində 2012-2014-cü illərdə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə, 2014-cü ildə isə Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib. 2014-cü ildə mayor hərbi rütbəsi alan Rüfət Əsgərov, həmin ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) Kəşfiyyat Kafedrasının baş müəllimi işləməyə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda aparılan döyüşlərdə, həmçinin Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə iştirak edib. Ermənistan Silahlı Qüvvələrinin 24-dən çox hərbçisini məhv edib, həmçinin üç postun Azərbaycan Ordusunun nəzarəti altına alınmasında fərqlənib. Oktyabrın 14-də Füzuli ərazisində Su-25 tipli təyyarədə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub və II Fəxri xiyabanda torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rüfət Əsgərov ölümündən sonra “Rəşadət” ordeni ilə, həmçinin, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.