
Xudiyev Tural Rəfayıl oğlu
Xudiyev Tural Rəfayıl oğlu 1998-ci il noyabrın 27-də Bakı şəhərində anadan olub. 2005-2016-cı illərdə Xətai rayonunda 138 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə Azərbaycan Texniki Universitetinin “Nəqliyyat və logistika” fakültəsinə qəbul olub. 2018-ci ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb. 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb. Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Tural Xudiyev hərbi xidmətinin bitməsinə dörd gün qalmış 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin, Suqovuşanın, Ağdərənin, Hadrutun, Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Daşaltı və digər istiqamətlərdə gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardımın göstərilməsində, həmçinin döyüş meydanından təxliyə edilməsində fərqlənib. Noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub və Ağdam rayonunun Quzanlı qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Tural Xudiyev ölümündən sonra “Rəşadət” ordeni ilə, həmçinin, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.