
Həsənov Ceyhun Aydın oğlu
Həsənov Ceyhun Aydın oğlu 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində anadan olub. 1992-2001-ci illərdə Xətai rayonunda 257 nömrəli tam orta məкtəbdə, 2001-2003-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2004-2008-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) “Motoatıcı” ixtisası üzrə ali hərbi təhsil alıb. 2008- 2009-cu illərdə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində təhsil alıb. 2009-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən isə o, Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun kapitanı olan Ceyhun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb və sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəhid Ceyhun Həsənov “II Fəxri xiyaban”da dəfn olunub. Ailəli idi, iki övladı var. Bakı şəhəri Xətai rayonunda yerləşən 48 saylı tam orta məktəbə və həmçinin, Xətai rayonunda yerləşən küçələrin birinə Ceyhun Həsənovun adı verilib. Xətai rayonu, Gəncə prospekti 50 ünvanında yaşadığı binanın qarşısında Ceyhun Həsənovun guşəsi yaradılmışdır. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ceyhun Həsənova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə, həmçinin, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.