
Hüseynov Nazim Yaqub oğlu
Hüseynov Nazim Yaqub oğlu 1977-ci il oktyabrın 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Bəhrəmtəpə qəsəbə orta məktəbini bitirib. Hərbi xidmətinə Gəncədə başlayıb. 1997-ci ildə Pakistan İslam Hərbi Ali Komandirlər Məktəbinin Xüsusi təyinatlıların kursuna göndərilib. Həmin ölkədə təhsil alan ilk azərbaycanlı olub. Ömrünün 24 ilini hərbi xidmətə həsr etmiş, Tabor komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. 18 dəfə müxtəlif ölkələrdə – ABŞ, Yunanıstan, İsveçrə, İtaliya, Litva, Avstraliya və başqa ölkələrdə keçirilən NATO təlimlərində iştirak etmişdir. Nümunəvi xidmətə görə III dərəcəli “Qüsursuz xidmətə görə” və Azərbaycan Silahlı Qüvvələrinin yubiley medalları ilə təltif olunmuşdur. 2016-cı ilin 2-5 aprel tarixlərində baş verən Aprel döyüşlərində iştirak etmişdir. 2018-ci ildə Tabor komandirinin müavini kimi ehtiyata buraxılıb. Azərbaycan Ordusunun mayoru olan Nazim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 8-də Hadrut döyüşləri zamanı şəhid olmuş və İmişli rayonunda dəfn olunmuşdur. Ailəli idi, bir övladı var. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nazim Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir