
Hüseynov Nurlan Madər oğlu
Hüseynov Nurlan Madər oğlu 1992-ci il iyulun 3-də İmişli rayonunun Göbəktala kəndində anadan olmuşdur. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır. 2018-ci ildə Türkiyənin İzmir şəhərində keçirilən ən yaxşı snayperçi yarışında 24 dövlət arasında birinci yeri tutmuşdur. “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Nurlan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murov dağının, Cəbrayılın, Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Oktyabr ayının 14-də Hadrut döyüşləri zamanı şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nurlan Hüseynov ölümündən sonra “Rəşadət” ordeni ilə, həmçinin, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilmişdir.