VƏTƏNDAŞLARLA GÖRÜŞ

İbrahimov Xeyrulla Mais oğlu

İbrahimov Xeyrulla Mais oğlu 1971-ci il aprelin 19-da Bakı şəhərində anadan olub. 1978-1985-ci illərdə Xətai rayonunda 116 nömrəli tam orta məktəbdə, 1985-1988-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1988-1992-ci illərdə isə Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbində “Artilleriya” ixtisası üzrə ali hərbi təhsil alıb. 1993-cü il noyabrın 1-dən 1993-cü il yanvarın 18-nə qədər Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) sərəncamında olan Xeyrulla İbrahimov, 1994-cü il yanvarın 18-dən 1997-ci il mayın 14-nə qədər Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə Artilleriya Divizionunun Komandiri, 1997-ci il mayın 14-dən 1998-ci il noyabrın 1-nə qədər isə həmin hərbi hissədə Haubitsalı Artilleriya Divizionunun Komandiri vəzifəsində xidmət edib. 1994-cü il iyunun 24-də baş leytenant hərbi rütbəsi, 1997-ci il iyunun 30- da isə kapitan hərbi rütbəsi alıb. 1998-ci il noyabrın 1-dən 1999-cu il iyunun 29- na qədər Abşeron rayonunda yerləşən 4-cü Ordu Korpusunda Artilleriya rəisi vəzifəsində xidmət edən Xeyrulla İbrahimov, 1999-cu il iyunun 29-dan 2000-ci il iyunun 26-na qədər Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında dinləyici olub. 2000-ci il iyunun 30-da ona mayor hərbi rütbəsi verilib. Xeyrulla İbrahimov 2000-ci il iyulun 26-dan 2003-cü il sentyabrın 30-na qədər Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə Komandir müavini, 2003-cü il  sentyabrın 30-dan 2004-cü il aprelin 1-nə qədər həmin hərbi hissədə Komandirin MTT üzrə müavini – MTT bölmə rəisi vəzifəsində xidmət edib. 2004-cü il iyunun 30-da ona polkovnik-leytenant hərbi rütbəsi verilib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin, dayaq məntəqələrinin məhv edilməsi zamanı fərqlənib. Ermənistan Ordusunun rəhbərliyi tərəfindən döyüş meydanında “Kobra” ləqəbi ilə tanınan Xeyrulla İbrahimovun öldürülməsi üçün pul mükafatı belə təyin edilib. Xeyrulla İbrahimov 2020-ci ilin oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub və “II Fəxri xiyaban”da dəfn olunub. Ailəli idi, iki övladı var. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Xeyrulla İbrahimov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, həmçinin, “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.