
İsmayılov Orxan Zöhrab oğlu
İsmayılov Orxan Zöhrab oğlu 23 yanvar 1990-cı ildə Ucar rayonunun Məlikballı kəndində anadan olub. Xətai rayon 59 saylı məktəbin birinci sinfinə gedən Orxan İsmayılov 10-cu və 11-ci sinifləri doğulduğu Məlikbalı kəndində oxumalı olub. 2008-ci ildə orta məktəbi bitirib, elə həmin il də hərbi xidmətə yola düşüb. Orxan İsmayılov hərbi xidmətinin ilk 6 ayını Pirəkəşkül qəsəbəsində, 1 ilini isə Bərdənin Xanağalı kəndində tankçı vəzifəsində keçib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində oktyabrın 1-də Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Orxan İsmayılov Ucar rayonunun Məlikballı kəndində torpağa tapşırılıb. Ailəli idi, iki övladı var. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Orxan İsmayılov III dərəcəli “Vətənə xidmətə görə” ordeni, həmçinin, “Cəsur Döyüşçü” , “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.