VƏTƏNDAŞLARLA GÖRÜŞ

Kazımov Elvin Ədalət oğlu

Kazımov Elvin Ədalət oğlu 3 dekabr 1987-ci ildə Bakı şəhərində anadan olub. 2006-ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini, 2011-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə leytenant hərbi rütbəsi alıb. Mexanikləşdirilmiș taborun qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi, kəşfiyyat taqımının komandiri, motoatıcı taqım komandiri, dağatıcı bölüyünün komandiri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursant taqım komandiri müəllim köməkçisi, cəbhə bölgəsindəki hərbi hissənin motoatıcı bölük komandiri vəzifələrində xidmət edib və kapitan hərbi rütbəsinədək yüksəlib. 2014-cu il avqust ayının 31-dən sentyabr ayının 1-nə keçən gecə Ağcabədi rayonunun Yusifcanlı kəndi istiqamətində kəşfiyyat döyüş tapşırıqlarını yerinə yetirərkən qəhrəmancasına yaralanmışdır. 2016-ci ildə Aprel döyüşlərində iştirak etmişdir. 2018-ci ildə “Qüsursuz Xidmətlərinə görə” medalı ilə təltif edilmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qarabağda erməni işğalçılarına qarşı həyata keçirilən antiterror əməliyyatlarında iştirak etmişdir və 2020-ci il oktyabrın 6-da Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Ailəli idi, bir övladı var. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Kazımov Elvin ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.