
Kazımov Kamran Qurbanəli oğlu
Kazımov Kamran Qurbanəli oğlu 7 dekabr 1990-cı ildə Rusiyanın Voloqda vilayətində dünyaya gəlmişdir. 2008-ci ildə Xətai rayonu 63 nömrəli tam orta məktəbi bitirdikdən sonra Daxili Qoşunların Hərbi məktəbinə qəbul olmuşdur. Həmin məktəbi də 2014-cü ildə bitirən Kazımov Kamran 2010-cu il aprelin 1-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının “N” saylı hərbi hissələrinin əsasən Xüsusi təyinatlı bölmələrində hərbi xidmət keçmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Kəlbəcər, Füzuli, Cəbrayıl istiqamətlərində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət etmişdir. 5 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş və “II Fəxri xiyaban”da torpağa tapşırılmışdır. Xətai rayonunun ərazisində yerləşən küçələrin biri qəhrəman şəhidimiz baş leytenant Kamran Kazımovun adını daşıyır. Ailəli idi, üç övladı var. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Kazımov Kamran ölümündən sonra “Qarabağ” ordeni, həmçinin, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və III dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilmişdir.