VƏTƏNDAŞLARLA GÖRÜŞ

Quliyev Barat Nizami oğlu

Quliyev Barat Nizami oğlu 1991-ci il dekabrın 22-də Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Beyləqan şəhər 3 saylı orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2010-cu il oktyabr ayının 12-də Suraxanı rayonu Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. 2012-ci il aprelin 1-də xidməti başa vurub ehtiyata buraxılmışdır. 2014-cü ilin iyul ayında Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə daxil olub “N” saylı hərbi hissədə manqa komandiri kimi işləmişdir. 2015-ci ilin dekabr ayının 30-da hərbi hissə komandirinin müvafiq əmrinə əsasən “N” saylı hərbi hissənin 2-ci tabor 6-cı bölüyün 2-ci tağımın 1-ci manqasının sürücü mexaniki vəzifəsində xidmət etmişdir. 2016-cı il aprel döyüşlərində iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı 29 sentyabrda Füzuli rayonunun Qaraxanbəyli kəndində gedən ağır döyüşlərdə şəhid olmuşdur. Şəhid Barat Quliyev Beyləqan rayon Həzrəti Cərciz Ziyarətgahında salınan Şəhidlər xiyabanında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Barat Quliyev III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, həmçinin, “Vətən uğrunda”, “Füzulinin azad olmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.