VƏTƏNDAŞLARLA GÖRÜŞ

Quliyev Rəşad Rəşid oğlu

Quliyev Rəşad Rəşid oğlu 23 sentyabr 1983-cü ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. 2000-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Azərbaycan Ordusu sıralarında “leytenant” rütbəsində motoatıcı taqım komandiri vəzifəsindən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin baş zabiti vəzifəsinə və polkovnik-leytenant hərbi rütbəsinədək yüksəlib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə vuruşmuş, oktyabrın 7-də Cəbrayıl rayonunda aparılan döyüş əməliyyatlarında döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Şəhid Rəşad Quliyev “II Fəxri xiyaban”da dəfn olunmuşdur. Ailəli idi, iki övladı var. Ölümündən əvvəl “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, III dərəcəli “Qüsursuz xidmətə görə”, III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Ordusunun 100 illiyi”, II dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Quliyev Rəşad ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə, həmçinin, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.