VƏTƏNDAŞLARLA GÖRÜŞ

Mahmudov Tamerlan Fuad oğlu

Mahmudov Tamerlan Fuad oğlu 1995-ci il martın 21-də Bakı şəhərində anadan olmuşdur. 2002-2006-cı illərdə 107 saylı orta məktəbdə və Milli Qəhrəman Məzahir Rüstəmovun adını daşıyan 32 saylı tam orta məktəbdə təhsil alıb. Təhsilini Mərdəkan qəsəbəsindəki 2 nömrəli internat məktəbində davam etdirib. Təhsilini uğurla başa vuran Tamerlan 2011-ci ildə Dövlət Sərhəd Xidmətinin Nümunəvi hərbi orkestrinə musiqiçi kimi qəbul olunur. 2013-cü ildə Vətənə xidmət borcunu ödəyib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı könüllü şəkildə döyüşlərə qatılıb. Füzulinin, Cəbrayılın azad edilməsində iştirak edib. Oktyabrın 18-də Füzulinin azad olunması uğurunda gedən döyüşlərdə şəhid olub və Suraxanı rayonu Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Mahmudov Tamerlan ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad edilməsinə görə” və “Laçının azad edilməsinə görə” medalları ilə təltif edilib.