
Məlikov Elvin İlham oğlu
Məlikov Elvin İlham oğlu 20 mart 2001-ci ildə Bakı şəhərində doğulub. İlk təhsilini Bakı şəhərində Xətai rayon 24 saylı tam orta məktəbdə alıb. Gürcüstanda Beynəlxalq münasibətlər ixtisasında təhsil alsa da, atasının qəfil vəfatından sonra universiteti tərk edib və 2019-cu il 19 oktyabrda hərbi xidmətə yollanıb. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən Elvin snayperdə yaxşı atıcılıq qabiliyyəti ilə seçilib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Qaraxanbəyli kəndində gedən döyüşlər zamanı 2020-ci il oktyabrın 3-də şəhid olub. Şəhid Elvin Məlikov “II Fəxri xiyaban”da dəfn olunub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyi, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elvin Məlikov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, həmçinin “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.