
Məmmədov Rəşad Asif oğlu
Məmmədov Rəşad Asif oğlu 1987-ci il aprelin 8-də Bakı şəhərində anadan olub. 1994-cü ildə 116 nömrəli tam orta məktəbdə təhsilə başlamış, 2004-cü ildən təhsilini 14 saylı Peşə Liseyində davam etdirmişdir. 2006-cı ildə həmin liseydən məzun olmuşdur. 2006-ci ildə “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlamış, 2007-ci ildə tərxis olmuşdur. 2011-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində gizir hazırlığı kursu keçmiş, “Piyadanın Döyüş Maşını komandiri” ixtisasına yiyələnmiş və gizir hərbi rütbəsi ilə Naxçıvan Muxtar Respublikasında Döyüş Maşını komandiri vəzifəsində həqiqi hərbi xidmətə başlamışdır. Azərbaycan Ordusunun giziri olan Rəşad Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlı, Füzuli, Şuşa uğrunda döyüşlərdə savaşmış, Qubadlı uğrunda gedən döyüşlərdə yaralanmış, 6 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında komandiri olduğu “Döyüş maşını”nın şəxsi heyəti ilə birlikdə şəhid olmuşdur. Şəhid Rəşad Məmmədov 3 dekabr 2020-ci ildə ailəsinə təhvil verilmiş və Bakı şəhər Əhmədli məzarlığında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyi, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rəşad Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir