
Məmmədov Rövlan Qurban oğlu
Məmmədov Rövlan Qurban oğlu 2001-ci il mayın 24-də Bakı şəhəri Xətai rayonunda anadan olub. 2007-ci ildə Xətai rayon 194 nömrəli məktəbin birinci sinfinə daxil olmuş və 2018-ci ildə həmin məktəbi bitirmişdir. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmış və öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etməyi seçmişdir. Azərbaycan Ordusunun əsgəri olan Rövlan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. 2020-ci il oktyabrın 15-də Füzulini azad edəndən sonra Rövlan və döyüşçü yoldaşları Cəbrayıl istiqamətinə keçib, açıq döyüşdə yanında minaatan mərmisinin partlaması nəticəsində şəhid olub. Şəhid Rövlan Məmmədov Bakı şəhər Birinci Zabrat məzarlığında dəfn olunub. Xətai rayonu, NZS qəsəbəsində yerləşən əvvəlki Mingəçevir küçəsinə şəhid Rövlan Məmmədovun adı verilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olduğu, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyi, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rövlan Məmmədov ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə, həmçinin, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Kəlbəcərin azad edilməsinə görə” və “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.