VƏTƏNDAŞLARLA GÖRÜŞ

Məmmədov Vüsal Qüdrət oğlu

Məmmədov Vüsal Qüdrət oğlu 1990-cı il iyunun 3-də Füzuli rayonunun Musabəyli kəndində anadan olub. 1999-cu ildən 2010-cu ilə qədər Füzuli rayon 26 saylı orta məktəbdə oxuyub. 2010-cu il iyul ayının 7-də Füzuli rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci il aprel ayının 10-dan 2011-ci il oktyabr ayının 18-ə qədər “N” saylı hərbi hissənin Müdafiə təchizat taborunda baş atıcı vəzifəsində xidmət edib. 2011-ci il oktyabr ayının 18-dən 2012-ci il yanvar ayının 2-nə qədər “N” saylı hərbi hissənin Müdafiə təchizat taborunun 2 ci bölüyündə manqa komandiri vəzifəsində xidmət edib. 2014-cü il avqust ayının 22-dən 2015-ci il yanvar ayının 3-ə qədər “N” saylı hərbi hissənin dəniz piyada taborunun 2-ci bölüyündə Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, matros manqa komandiri vəzifəsində xidmət edib. 2015-ci il yanvar ayının 3-dən 2015-ci il aprel ayının 10-a qədər “N” saylı hərbi hissənin nəzdində olan Xüsusi Təyinatlılar kursunda kursant olub. 2015- ci il avqust ayının 24-də Sərhəd Qoşunları Baş Qərargah rəisinin əmri ilə “N” saylı hərbi hissənin Xüsusi təyinatlı dəstənin (sualtı müdafiə) Xüsusi Təyinatlı Qüvvələrinin dalğıc kəşfiyyatçısı vəzifəsinə təyin olub. Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Vüsal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Məmmədov oktyabrın 12-də Cəbrayıl döyüşləri zamanı şəhid olub və Füzuli rayonu Babı kənd məzarlığında torpağa tapşırılıb. Ailəli idi, bir övladı var. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vüsal Məmmədov ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir