VƏTƏNDAŞLARLA GÖRÜŞ

Məmmədzadə Kəmaləddin Vüqar oğlu

Məmmədzadə Kəmaləddin Vüqar oğlu 1999-cu il sentyabrın 14-də Bakıda anadan olmuşdur. 2006-ci ildə Xətai rayonu 249 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2017-ci ildə orta məktəbi bitirib, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinə daxil olmuşdur. İki il ali təhsil aldıqdan sonra təhsilini dondurub hərbi xidmətə yollanmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Laçın, Xocavəndin kəndləri, Şuşa şəhəri və bütün qəsəbə və yüksəkliklərin işğaldan azad edilməsi uğrunda döyüşmüşdür. Noyabrın 9-u Şuşa şəhərində snayperlə vurularaq şəhid olmuşdur. Şəhid Kəmaləddin Məmmədzadə Saatlı rayonunun Minbaşılılı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Kəmaləddin Məmmədzadə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, həmçinin, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.