
Musayev Sədi Süleyman oğlu
Musayev Sədi Süleyman oğlu 1978-ci il aprelin 1-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. Təhsilinə 1985-ci il Kəngərlirayonu, Qıvraq qəsəbəsi, Sirac Əsədov adına 2 nömrəli məktəbdə başlamış, 1993-cü ildə həmin məktəbi bitirərək Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 1996- 2000-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində motoatıcı ixtisası üzrə təhsilini davam etdirmişdir. Sədi Musayevə 2000-ci ildə leytenant hərbi rütbəsi verilmiş və xidmətini davam etdirmək üçün Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəyə motoatıcı tağım komandiri vəzifəsinə təyin edilmişdir. 2002-ci ildə həmin hərbi hissədə Ordu Korpusu komandirinin müvafiq əmri ilə motoatıcı bölük komandiri vəzifəsinə təyin olunması ilə bərabər Müdafiə Nazirinin əmri ilə baş leytenant hərbi rütbəsinə layiq görülmüşdür. Bundan əlavə, müxtəlif illərdə motoatıcı taborun qərargah rəisinin şəxsi heyət üzrə köməkçisi, əməliyyat bölməsinin döyüş hazırlığı üzrə baş köməkçisi, döyüş hazırlığı bölmə rəisi, əməliyyat bölmə rəisi-qərargah rəisinin müavini, əməliyyat şöbə rəisinin təlimlər üzrə baş köməkçisi vəzifələrinə təyin olunmuşdur. Sədi Musayev göstərdiyi xidmətlərə görə ardıcıl olaraq 2005-ci ildə kapitan hərbi rütbəsinə, 2014-cü ildə mayor hərbi rütbəsinə, 2019-cu ildə isə polkovnik-leytenant rütbəsinə yüksəlmişdir. 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq 5 aprelə qədər davam edən döyüşlərinin döyüşlərin fəal iştirakçısı olmuş mayor Sədi Musayevin Lələ təpə yüksəkliyinin işğaldan azad olunmasında əhəmiyyətli rolu olmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı 28 sentyabr Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndi, Kürdlər yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid mayor Sədi Musayev “II Fəxri xiyaban”da torpağa tapşırılmışdır. Sədi Musayev sağlığında orduda göstərdiyi şücaətlərə görə prezident İlham Əliyevin müvafiq sərəncamları ilə III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, II dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sədi Musayev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə, həmçinin, “Vətən Uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.