
Noçuyev Surxay Əbdül oğlu
Noçuyev Surxay Əbdül oğlu 1988-ci il dekabr ayının 19-u Zəngilan rayonu Məmmədbəyli kəndində anadan olmuşdur. 1995-2003-cü illərdə Bakı şəhərində Xarici Dillər Təmayüllü Gimnaziyada 8 illik təhsil alıb. 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2006-2010-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb, 2010-cu ildə leytenant rütbəli zabit kimi hərbi fəaliyyətə başlayıb. Zabit kimi fəaliyyəti müddətində Tağım komandiri, Bölük komandiri, Taborun qərargah rəisi və 29 yaşında Tabor komandiri vəzifəsinə təyin edilib. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə ön cəbhədə tabor komandiri kimi döyüşüb. Xüsusən Füzuli və Qubadlının işğaldan azad olunması uğrunda gedən ağır döyüşlərdə, düşmənin müdafiə səddinin yarılmasında bir neçə döyüş əməliyyatının fəal iştirakçısı olub. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib və 9 noyabr tarixində Şuşa şəhərinin azad olunması uğrunda gedən tarixi döyüşlərdə, uğurlu döyüş taktikası ilə tabeliyində olan şəxsi heyəti müdafiə edərək Vətən müharibəsinin qələbəsinə bir gün qalmış şəhid olub. Şəhid Surxay Noçuyev 12 noyabr 2020-ci il tarixdə “II Fəxri xiyaban”da dəfn olunub. Xatirəsini əbədiləşdirmək üçün Zəngilan rayon 1 saylı tam orta məktəbə “, həmçinin Günəşli qəsəbəsinin Mərkəzi küçəsinə “Vətən Müharibəsi Qəhrəmanı” Surxay Noçuyevin adı verilmişdir. Sağlığında Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, III dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” medalları ilə təltif olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Noçuyev Surxay ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.