VƏTƏNDAŞLARLA GÖRÜŞ

Ramaldanov Babək Meyvəddin oğlu

Ramaldanov Babək Meyvəddin oğlu 1982-ci il avqustun 9-da Bakı şəhərində anadan olub. 1989-1997-ci illərdə Xətai rayonunda 59 nömrəli tam orta məktəbdə, 1997-2000-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM), 2017-2019-cu illərdə isə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Liseyində ali hərbi təhsil alıb. Azərbaycan Ordusununpolkovnik-leytenantı olan Babək Ramaldanov 2020- ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub. Şəhid polkovnik-leytenant Babək Ramaldanov “II Fəxri Xiyaban”da dəfn olunub. Ailəli idi, iki övladı var. Ölümündən əvvəl “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, II dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Babək Ramaldanov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə, həmçinin, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.