VƏTƏNDAŞLARLA GÖRÜŞ

Rəfibəyli Əbdülrza Şamməd oğlu

Rəfibəyli Əbdülrza Şamməd oğlu 2 iyun 1998-ci ildə Bakı şəhərinin Xətai rayonunda anadan olmuşdur. 2004-2015-ci illərdə Nərimanov rayonunda yerləşən 57 saylı tam orta məktəbdə təhsil almışdır. 27 iyul 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanan Əbdülrza Rəfibəyli Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində xidmət etmiş, 4 yanvar 2018-ci ildə hərbi xidmət müddətini başa vurmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Əbdülrza Rəfibəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 23 oktyabr 2020-ci ildə Xocavənd-Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı başından qəlpə yarası alaraq şəhid olmuşdur. Şəhid Əbdülrza Rəfibəyli Bakı şəhəri Keşlə Şəhidlər xiyabanında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Əbdülrza Rəfibəyli ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.