
Rəfiyev Ülvi Rəfail oğlu
Rəfiyev Ülvi Rəfail oğlu 1996-cı il avqustun 16-da Ordubad rayonunda anadan olub. 2002-ci il Bakı şəhər Xətai rayonu 263 saylı tam orta məktəbin 1-ci sinfinə getmiş, 2013-cü ildə həmin məktəbi bitirib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İqtisadiyyat və menecment” fakültəsinin “Sənayenin təşkili və idarə olunması” ixtisasında təhsil almışdır. Rəfiyev Ülvi professional olaraq rəqslə məşğul olub. 2015-ci il Bakı Avropa oyunlarının açılış mərasimində, 2017-ci il “Univision”da, 2017-ci il Bakı İslam Oyunlarında və 2017-ci il “Formula 1”in açılış mərasimində rəqqas kimi iştirak etmişdir. Eyni zamanda xarici ölkələrdə də açılış mərasimlərində və tədbirlərdə iştirak etmişdir. 2017-ci ildə universiteti bitirdikdən sona hərbi xidmətə yollanıb, 2018-ci ildə hərbi xidmətini başa vurub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Xətai Rayon Hərbi Komissarlığına müraciət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı oktyabrın 25-də Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Ülvi Rəfiyev Suraxanı rayonu “Dədə Qorqud” məzarlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rəfiyev Ülvi ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, həmçinin, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir